Əsərlərin təhlili

“Xatirələr”

V.Nərimanbəyovun diqqətəlayiq əsərlərindən olan “Xatirələr” tablosunda əsərin mərkəzi qəhrəmanları iki uşaq obrazlarıdır.
         Kimsəsiz uşaqların üzlərindəki ifadə hər şeyi tamaşaçıya aydınlaşdırır. Onlar amansız müharibənin gətirdiyi acı günləri yaşamağa məhkum olmuşlar. Bu körpələr təkcə valideynlərini deyil, bütün yaxınlarını, eləcə də ev-eşiklərini itirib, qayğısız uşaqlıq çağlarından ayrı düşmüşlər.
         Didərgin düşmüş qız uşaqları ata-analarını itirsələr də, ev-eşiksiz qalsalar da xoş xatirələrin təsiri altında analı-atalı günlərini düşünərək heç də ümidsizliyə qapılmayıblar. Hətta bu xoş xatirələr pozulmasın deyə, qımıldamadan bir-birinə qısılıb oturublar. Sanki kiçik bir hərəkət  onları bu xoş xatirələrdən ayıracaqmış kimi... Rəssam uşaqları əsgər şinelinə bürünüb, əsgər ayaqqabısını geyinmiş vəziyyətdə təsvir edərkən, sanki daxili aləmlərində valideynlərinə, xoş günlərinə qovuşduqlarını təsvir etmək istəmişdir. Balacalardan biri digərinə sığınaraq mışıl-mışıl yuxuya dalmışdır. Digər uşağın simasındakı ifadəlilik yüksəkdir. Rəssam əsərdə zəngin kolorit vasitəsi ilə əsərin yüksək dramatizmini daha da gabardır. Əsərə nəzər yetirdikdə, əsasən soyuq rəng qammasından daha çox istifadə edildiyinin şahidi oluruq. Məzmun ilə kompozisiya vəhdət təşkil edir. Bu xüsusiyyət rəssamın bütün əsərləri üçün səciyyəvi cəhətdir. Elə bu səbəbdən də həmin əsərlər bir tamlıq təşkil edir və tamaşaçı tərəfindən yüksək qiymətləndirilir.
Vidadi Nərimanbəyovun yaratdığı uşaq obrazları Azərbaycan təsviri incəsənətində diqqətəlayiq yer tutmuşdur. Rəssam həmin əsərlərdə körpələrin məsum hisslərini, düşüncələrini, yaşadıqları acı günləri, xatirələrindəki xoş günləri böyük ustalıqla təsvir etmiş, eləcə də tamaşaçıya ötürməyi bacarmışdır.


“Gözləmə”
Xalq rəssamı Vidadi Nərimanbəyovun təsiredici duyğular bağışlayan tablolarından biri də 1987-ci ildə kətan üzərində yağlı boya texnikası ilə təsvir etdiyi “Gözləmə” əsəridir.
Əsər rəssamın digər tabloları kimi realistik ülubda işlənmişdir.     Kompozisiyaya nəzər saldıqda mərkəzi kompozisiya quruluşundan istifadə olunduğunu aydın şəkildə müşahidə etmək olar. Belə ki, tablonun mərkəzində hüzünlü, qəmgin vəziyyətdə dayanmış və körpəsini qucağında tutan ana təsvir olunmuşdur. Bir əli ilə körpəsini tutan qadın, digər əlində məktub tutmuşdur. Oxuduğu məktubdan hələ də xoş xəbər almayan, bunun həsrətini çəkən ana vərəqi əlində saxlamışdır.  Baxışları yerə dikilmiş, başını yana əymiş şəkildə təsvir olunan ana həsrətin, intizarın bitəcəyini, sanki yenidən xoş günlərinə qovuşacağını gözləyərək fikrə dalmışdır. Amansız müharibə qadını ailəsindən ayırmış, acı iztirablar yaşatmışdır. Bütün bunlar qadının simasında çox uğurla əks olunmuşdur. Ana yeganə varlığı olan körpəsinə sığınaraq bütün həsrətlərə sinə gərməyə, gözləməyə çalışır. Hər şeydən xəbərsiz körpə anasının quvağında mışıl-mışıl yuxuya dalmışdır. Qadın qucağındakı körpə ilə kompozisiyanın mərkəzində təsvir olunmuşdur. Sınmış, dağılmış, yanmış, xarabalığa çevrilmiş evin pəncərəsi arxasında dayanan qadın hüzünlə gözləməkdədir... Müharibənin yaşatmış olduğu maddi və mənəvi bütün çətinliklər bu tabloda öz əksini tapmışdır. Pəncərənin önündə qara pişik təsvir edən rəssam onun duruşunda və baxışlarında gərginlik, həyəcan, qorxu təəssüratı yaratmağa nail olmuşdur.
Əsərin işıq-kölgə münasibətinə diqqət yetirdikdə, bunun rəssam tərəfindən uğurla yerinə yetirildiyinə şahid oluruq. Belə ki, tablonun mərkəzində təsvir olunan ana və körpəsi yanan pəncərənin alovları ilə daha da işıqlı təsvir edilmişdir. Daxmanın arxa planı nisbətən kölgə formasında əks olunması, əsərin yuxarı sol küncündə qara buludlar, alatoranlıqq hissi bağışlayır.
         “Gözləmə” əsərinə ilk nəzər yetirdikdə yanan pəncərənin alovları diqqəti cəlb edir. Yanan pəncərəni təsvir edərkən isti rəng qammasından- sarı, narıncı, qırmızı və s. rəng tonlarından istifadə edən rəssam bu əsərdə koloritdən uğurla istifadə etmişdir. Həmçinin isti rəngləri anaın və körpənin üzünə düşən işıqda da asanlıqla görmək mümkündür. İsti rəng çalarlarından başqa, əsərdə soyuq rəng qammasından da istifadə olunub. Belə ki, arxa fonda, eləcə də pəncərələrdə, pişikdə, evin içində görünən pərdədə soyuq rənglərin üstünlüyü müşahidə olunur. Səmada əsasən göy, mavi, boz və s. tonlarından istifadə edilmişdir.
         Vidadi Nərimanbəyov əsərdə hava və xətti perspektivadan da uğurla istifadə etmişdir. Belə ki, yaxın planda təsvir edilən obyektlərin rəngi daha parlaq, açıq və dəqiq, uzaqda arxa fonun koloritinə nəzər yetirdikdə isə daha tünd, qeyri-dəqiq tonların üstünlük təşkil etdiyini izləyirik. Eləcə də, ön planda təsvir olunan açıq, şüşəsi sınmış pəncərənin formasının xətti perspektivaya əsasən yerinə yetirildiyi aydın bəlli olur.
Rəssam pəncərənin üstündə saxladığı məsafə ilə əsərə müəyyən qədər dərinlik hissi qatmış, səmanı, fonu təsvirdən ayırmışdır. Eləcə də məkanın olduğunun təəssüratını yaratmışdır.
         Ümumiyyətlə əsərin mövzusu ilə kompozisiya quruluşunu nəzərdən keçirdikdə əsərin məzmununa uyğun kompozisiyanın qurulmasının şahidi oluruq. Belə ki, rəssam müharibə günlərində acı çəkən, məktublarına xoş cavablar gözləyən, körpələrini tənha böyüdən, çətinliklərə sinə gərib xoşbəxt gələcəyi gözləyən bütün qadınların, anaların simasında sanki bu obrazı yaratmışdır.
         Əsərdəki ümumi əhval-ruhiyyə, emossiya insana qəmginlik, həsərt, acı, iztirab hissləri aşılayır. Acımasız müharibənin yaşatdığı acı taleyin yüklərini sanki çiynində daşıyan ananın və dünyadan, həyatın ağrı-acılarından, itkilərdən xəbərsiz, iztirabın nə olduğunu anlamayan məsum gunahsız körpənin anasının qoynunda hər şeydən qorunurmuş kimi görüntüsü məzmun baxımından maraqlı təzad yaradır. Bunu rəssam çox böyük ustalıqla yarada bilmişdir.  


         Əsərdə forma, işıq-kölgə, məkan, əsasən da kompozisiya ilə məzmun vəhdət təşkil edir.



"Yola salma" 
         Vidadi Nərimanbəyovun müharibə mövzulu əsərlərində cəsur, igid əsgərlərin vuruşmalarından, andiçmə səhnələrindən başqa qəhrəman oğullarını döyüşə yola salan fədakar, qayğıkeş anaları da unutmayıb. Məhz "Yola salma" əsərində də ana mübariz oğlunu döyüş meydanına yola salır.
Rəssam bu əsəri 1984-cü ildə, yağlı boya texnikası ilə yaratmışdır.                           Əsərin kompozisiya quruluşuna nəzər saldıqda tablonun üfüqi formatda təsvir olunduğunu müəyyən edilir. Kompozisiyanın mərkəzində oğlunu cəbhəyə yolan salan qoca ana və cəsur, mübariz əgər təsvir edilmişdir. Tablonun arxa planında isə, şəhərin dar küçəsi, kiçik evlər, daxmalar, uzaqda çox kiçik ölçüdə insanlar görünür. Ananın çıxdığı qapının üstündə yanan işıq yolu işıqlandırmışdır.
         Rəssam əsərdə dar küçənin başında dayanan ana və oğlunu böyük məharətlə təsvir etmişdir. Qəhrəman, igid oğlunu cəbhəyə yola salan ana onunla qürur duymaqla yanaşı, üzüntüsünü də gizlətmir. Bu kədər ananın duruşunda, qəmgin baxışlarında əks olunmuşdur. Lakin oğulun cəsur, qürurlu şəkildə duruşu insanda vətənpərvərlik hissi, mübarizə əzmi yaradır. Bundan başqa, rəssam tabloda havanın da vəziyyətini uğurla tamaşaçıya çatdıra bilmişdir.  Əsgərin paltosunun uçuşması havanın küləkli, soyuq olması hissini yaratmışdır. Yerdə isə, yağışın islatdığı daşların üzərinə ana və oğlun kölgələri əks olunmuşdur.
         Tablonun ümumi kompozisiyasına nəzər yetirdikdə xətti perspektivadan uğurlu istifadə olunduğunun şahidi oluruq. Rəssam getdikcə uzaqlaşan küçədə bunu təsdiq etmişdir. Arxa planda yerləşən evlər və eyvanlar daha kiçik ölçüdə təsvir edilmişdir. Həmçinin uzaqda şəhərdən çıxan insanların kiçik ölçüdə verilməsi də buna parlaq misaldır. Eləcə də hava perspektivasına əməl etmişdir. Uzaqdakı evlər, həmçinin yerdəki daşlar, qaranliq buludlu səmanın təsvirində bunları aydın şəkildə əks etdirmişdir.
         Əsərin koloritinə diqqət yetirdikdə, burada əsasən soyuq rəng qammasının üstünlük təşkil etdiyini müşahidə edirik. Ananın və oğlun geyimlərində,öndə və arxada görünən evlərin rəngərində, səmadakı buludlarda və s. soyuq rəngər- göy, mavi, bənövşəyi, boz, qəhvəyi, yaşıl və başqa tonlar istifadə olunub.
         Əsərin ümümi məzmunu ilə kompozisiya quruluşu vəhdət təşkil edir.





"Zəncirotu" 
         V.Nərimanbəyov müsahibələrinin birində “Zəncirotu” tablosunun yaranmasının qısa tarixçəsini belə qeyd etmişdir:
         - “Bildiyiniz kimi mən SSRİ Rəssamlar İttifaqı hərbi komissiyasının üzvüyəm. Sənət dostlarımla birlikdə tez-tez hərbi hissələrə getməli oluram. Həmin hissələrdə keçirilən bir çox tədbirlərdə iştirakım şübhəsiz ki, yaradıcılığıma da müəyyən təsir bağışlayır. Əsgəri hissələrin birində gördüyüm şən uşaqların gülüşü, maraqlı oyunları “Zəncirotu” tablosunun yaranmasına səbəb oldu. Mən burada iri planda başının üstündə topa-topa ağ buludlar, açıq rəngli dinc səma, qarşısında bəhərli nar ağacı, əlindəki zəncirotu ilə oynayan oğlan uşağını, arxa planda isə, uçuş  meydanı, qırıcı təyyarə və radar görünən bir mənzərə təsvir etmişəm.
         Bu mənzərə qeyd etdiyim kimi canlı müşahidənin məhsuludur.” 
Bu əsər müharibədən sonrakı dinc, firavan həyatın xoşbəxt günlərini özündə əks edirir. Tabloda müharibə əhval-ruhiyyəsi əks olunmasa da müharibənin “nəfəsi”  duyulur.
         “Zəncirotu” əsərində ön planda təsvir olunan oğlan obrazı və zəngin koloritli mənzərə xüsusi ahəng yaradır. Rəssamın bu üslubda kompozisiya yaratması dərin məna kəsb edir. İlk növbədə bu təzad tamaşaçını düşünməyə vaadar edir, zəngin koloritə malik olan mənzərə, uşaqların məsum oyunlarının təsviri, xoş günlərini və müharibənin dəhşətli rəmzləri: silahlar, lokatorlar, raketlər. Əsərin ümumi sujet xəttinə nəzər saldıqda oğlan uşağının kiçik qovcuğa çevrilmiş zəncirotunu üfürdüyünü, arxadakı qorxunc silahların bu uşağın sakit, xoşbəxt həyatını qoruduğunu izləyirik. 
         Əsərin kompozisiyasına diqqət yetirdikdə ustalıqla işlənmiş zəngin rəng qamması tamaşaçını cəlb edir. Belə ki, təbiətin- ağacların, dağların, səmanın zəngin koloriti məharətlə seçilmişdir. Bu rəng çalarları firavan həyatı daha da poetikləşdirir. Bu gözəllik uşağın duruşunda, mənalı baxışında əks olunaraq əsərin ifadəliyini və əsas ideyasını daha da artırır. Xırda detallar, yolun ağ rəngli düz xətti kompozisiyada uşaq obrazı ilə təbiət arasında yaranan vəhdətini daha da gücləndirir. 
Rəssam böyük ustalıqla əsərdə müxtəlif təsviri üsullarla, işarələrlə yaz fəslinin gözəl abu-havasını əks etdirmişdir. Məzh yaz fəslinin təsvir olunması da səbəbsiz deyil. Təbiətdəki bütün gözəlliklərin oyanışı, dirçəlişi yaz fəslinə məxsus olduğu üçün müharibədən sonrakı həyat da bu fəsil ilə əlaqələndirilmişdir. 
Əsər qeyri-adi formada mərkəzi kompozisiya quruluşuna malik olsa da özünəməxsus bəzi elementlər diqqəti cəlb edir. Bu da uşağın proporsiyalarının real  ölçülərdən çox böyük təsvir olunmasıdır. Eləcə də əsərdə gərgin perspektivanın olması, məkanın sıxılması hiss olunur. 
         Koloritdən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, əsərdə soyuq rəng qammasına daha çox üstünlük verilmişdir. Belə ki, səmada, dağların ətəyində, uzanan yol xəttində göy, mavi rəng çalarlarından, ön planda verilmiş nar ağacında, yerdəki çəmənlikdə yaşıl rəngin müxtəlif tonlarından istifadə edilmişdir.  















Комментариев нет:

Отправить комментарий